”Bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük qayıdışa zərbə vurmaq və düşüncələrə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc ermənilərin növbəti sərsəm iddiaları ilə bağlı açıqlamasında bildirib.
Z.Oruc qeyd edib ki, iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərə ermənin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlandırıb. Z.Oruc qeyd edib ki, həmin iddiaya əsasən guya həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər.
“Britaniyanın humanitar təşkilatı Halo Trust 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb. Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kompaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Nəticədə Halo Trust 2000 dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4.8 milyon kvadrat metr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100 dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib”.
Deputat Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də YUNİSEF-in yerli rəhbəri Marian Hattinqinin də ölkəmizlə gizli işbirliyində günahlandırıldığını qeyd edib.
“Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər, Halo Trust mina xəritələrini ordumuza vermis olsaydı, son 3 ildə 57 nəfər insanımızın həyatı itirlməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi”.